16.10.2024
LOKAL XARAKTERLİ ANTİTERROR ƏMƏLİYATINI ZƏRURİ EDƏN AMİLLƏR

2020-ci ildə qazanılmış Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ İqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi. 10 noyabr 2020-ci il tarixində Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında   imzalanmış üçtərəfli bəyanata əsasən Ermənistan öz ordusunun qalıqlarını tərki-silah etməli, Qarabağ İqtisadi rayonundan çıxarmalı idi. Ancaq, sözügedən hadisədən 3 (üç) il keçməsinə baxmayaraq Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Əksinə olaraq, qanunsuz silahlı dəstələrin təminatı ER tərəfindən həyata keçirilmiş və Qarabağa silah-sursat daşınması davam etmişdir. Bundan başqa, sözügedən ərazidə Azərbaycan mövqeləri ilə üzbəüz istiqamətlərdə aktiv şəkildə mühəndis-istehkam işləri aparılmış, kəşfiyyat fəaliyyəti həyata keçirən qrupların sayı artırılmış, ərazi və yolların minalanmasına başlanmışdır. Lokal xarakterli antiterror əməliyyatını zəruri edən digər əsas amil isə erməni separatçıların Azərbaycanın dövlətçilik dəyərlərini kobud şəkildə pozmaları olmuşdur. Belə ki, Qarabağ İqtisadi zonasında yaşayan ermənilər özlərinin müstəqillik idealarından əl çəkməmiş, qeyri-qanuni “prezident” seçkiləri keçirmiş və özlərinin qondarma “parlament”ləri adından Azərbaycana qarşı bəyanatlar səsləndirmişlər. Bütün bu sadaladıqlarımız 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün lokal xarakterli antiterror əməliyyatına başlamasını zəruri etmişdir. 19 sentyabr 2023-cü il tarixində Qaraxanbəyli-Füzuli-Şuşa yolunda erməni diversiya qrupları tərəfindən terror məqsədi ilə öncədən quraşdırılmış minanın partlaması Azərbaycan dövlətinin səbrini daşıran son həmlə olmuşdur. Həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüv­vələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələ­ri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azə­baycan Ordusu tərəfindən bu əməliyyatın ge­dişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmamış, yalnız legitim hərbi hədəflər məhv edilmişdir. Haqqında danışılan əməliyyat sayəsində düşmənin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Bununla yanaşı, erməni separatçılara məxsus 20-dən çox hərbi təyinatlı maşın, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6 ədəd “Martira” radioelektron mübarizə stansiyası və başqa hərbi təyinatlı vasitələr sıradan çıxarılmışdır. Əməliyyatlar xüsusilə separatçıların mövqelərinin yerləşdiyi Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxa–Vənd, Gülyataq–Mehmana, Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Vey­səlli–Qarakənd, Qacar–Sos, Qarabulaq–Xaç­mas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində aparılmışdır. 20 sentyabr 2023-cü il tarixində separatçı rejim özünün təslim olma bəyanatını Azərbaycan tərəfinə təqdim etmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibətini belə bildirmişdir: “Əmə­liyyatın uğurlu gedişatı, təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Ermənistan ordusunun bizim ərazi­mizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azər­baycan antiterror tədbirlərini dayandıra bilər. Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib”. Bundan sonra, şanlı Azərbaycan Ordusu tərəfindən separatçıların əlində olan silahların müsadirəsinə başlanmışdır. Əldə olunan silahların bəzilərinin istehsal tarixinin 2021-ci il olması bir daha sübut etdi ki, ermənilər üçtərəfli sazişdən sonra da öz məkrli planlarından əl çəkməmişdir.

Yekunda qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror əməliyyatı sayəsində Azərbayan özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir. Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində baş vermiş İkinci Qarabağ müharibəsində qazandığı qələbəsini lokal xarakterli antiterror əməliyyatı ilə taclandırmışdır.

 

Qafqaz regionu üzrə ekspert

Həsən Əhmədov